Əmtəə nişanı üzrə mübahisələr
Daha əvvəlki məqalələrimizdə əmtəə nişanlarının yerli və beynəlxalq qeydiyyatı barədə məlumat vermişdik (bax: Əmtəə nişanının qeydiyyatı). Lakin qeydiyyat prosesi zamanı bir sıra maneələr və mübahisələr yarana bilər. Hazırkı məqalədə əmtəə nişanı mübahisələrinin həlli yolları, o cümlədən inzibati prosedurlar barədə bəhs ediləcəkdir.
- Mübahisə nə vaxt yarana bilər?
Əmtəə nişanının qeydiyyatı üçün Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edilir.
Müraciətə baxılması zamanı əmtəə nişanı iki mərhələli ekspertizadan (ilkin ekspertiza və mahiyyət ekspertizası) keçirilir. Mahiyyət ekspertizasının nəticəsi aşağıdakı qərarlardan biri ilə yekunlaşa bilər:
- əmtəə nişanının qeydiyyatının rədd edilməsi;
- əmtəə nişanının qeydiyyatının qismən rədd edilməsi;
- əmtəə nişanının qeydiyyata alınması.
Tərəf qəbul edilmiş qərarla razı olmadıqda, həmin qərardan 3 ay müddətində Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına şikayət verə bilər.
- Tətbiq olunan qanunvericilik
Apellyasiya Şurasında mübahisələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 155 saylı Əsasnaməsinə əsasən baxılır.
Eyni zamanda, mübahisələrə baxılarkən Azərbaycan Respublikasının “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanununun müddəaları da tətbiq olunur.
- Mübahisələrə baxılması qaydası
Yuxarıda qeyd edildiyi kimi, tərəf ekspertizanın qərarını aldığı gündən etibarən 3 ay müddətində Apellyasiya Şurasına etiraz verə bilər.
Apellyasiya Şurasında etiraza 3 ay müddətində baxılır. Tərəflərin müraciəti əsasında və müvafiq rüsum ödənilməklə işə baxılma müddəti 6 aydan çox olmayan müddətə uzadıla bilər.
İddiaçı Apellyasiya Şurasının qərarı ilə razı olmadıqda həmin qərarın verildiyi tarixdən 3 ay müddətində İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir.
- Rüsumlar
Apellyasiya Şurasına verilən etirazlarla bağlı rüsumlar “Dövlət rüsumu haqqında” Qanunun 18-ci maddəsi ilə müəyyən olunur. Həmin Qanunun 18.34-cü maddəsinə əsasən:
- əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 30 manat;
- coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 30 manat;
- əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı – 80 manat;
- coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı – 50 manat;
- qeydə alınmış əmtəə nişanına qarşı – 100 manat;
- qeydə alınmış coğrafi göstəriciyə qarşı – 70 manat;
- əmtəə nişanının geniş tanınmasına dair Apellyasiya Şurasına ərizənin verilməsi üçün – 200 manat;
- geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya Şurasına müraciət üçün – 160 manat;
- Apellyasiya Şurasına etirazın baxılma müddətinin 6 aydan çox olmayan müddətə uzadılması üçün – 80 manat təşkil edir.
Rüsumlar Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə ödənilir.
- Nəticə
Göründüyüz kimi, əmtəə nişanının qeydiyyatı prosesi zamanı müxtəlif mübahisələr yarana bilər və bu mübahisələrin həlli müəyyən prosedur qaydalarına tabedir.
Ironwood Consulting olaraq biz əmtəə nişanının qeydiyyatının bütün mərhələlərində müştərilərimizə dəstək göstərir, ekspertiza sorğularının cavablandırılmasını təmin edir, eləcə də yaranmış mübahisələr üzrə dövlət orqanlarında təmsilçilik həyata keçirərək peşəkar hüquqi xidmətlər təqdim edirik.