İşdən çıxanda əlavə məzuniyyət ödənişi
Azərbaycan Respublikasının Konstistusiya Məhkəməsi ( bundan sonra – Məhkəmə) 18 fevral 2026-cı il tarixli Qərarı ilə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun əsas məzuniyyətlə yanaşı əlavə məzuniyyətin nəzərə alınıb-alınmaması məsələsinə baxılmışdır. Hazırkı icmalımızda həmin Qərardan bəhs edəcəyik.
-
İşin mahiyyəti.
Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Həmin maddənin 3-cü bəndinə əsasən əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Məhkəməyə sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)
25-ci maddəsinin I, III, IV və V hissələrinə,
37-ci maddəsinin I və II hissələrinə,
71-ci maddəsinin I, II, V və VI hissələrinə,
149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
-
Konstitusiya Məhkəməsinin yanaşması.
Konstitusiya Məhkəməsi sorğuya müvafiq olaraq mütənasiblik, bərabərlik və haqq ədalət prinsipləri aspektindən çıxış edərək, həmçinin xarici təcrübələrdən nümünlər və əmək məzuniyyətinin mahiyyətinin izahını verməklə Qərar vermişdir.
Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə məzuniyyət sadəcə istirahət deyil. Bu işçinin fiziki və psixoloji sağlamlığının qorunması vasitəsidir və əlavə məzuniyyətlər də əsas məzuniyyət kimi konstitusion təminatın tərkib hissəsidir.
Buna görə də Əmək Məcəlləsinin 115 və 116-cı maddələri ilə nəzərdə tutulmuş həmçinin uşaqlı valideynlər, azad edilmiş ərazilərdə işləyənlər üçün əlavə məzuniyyətlər əmək nəticəsində qazanılır və imtiyaz yox, haqqdır.
-
Nəticə.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsi aşağıdakı nəticələrə gəlmişdir:
-
Əmək Məcəlləsinin 144-cü maddənin 3-cü hissəsi Konstitusiyaya zidd olduğundan həmin hissənin tətbiqi dayandırılsın;.
-
Əmək Məcəlləsinin 144.2 və 144.3-cü maddələri Konstitusiyanın 25-ci maddəsinin I və III, 71-ci maddəsinin II və 149-cu maddəsinin I hissələrinin tələblərinə uyğunlaşdırılsın
-
Qanun dəyişdirilənədək işdən çıxan işçiyə istifadə edilməmiş əsas məzuniyyətə görə və istifadə edilməmiş əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməlidir.
-
Qərar yalnız qüvvəyə mindikdən sonrakı əmək müqaviləsinə xitam verilən işçilərə və hazırda məhkəmədə olan işlərə şamil edilir.